“YARAT” Müasir İncəsənət Mərkəzində GÖRÜŞ KEÇİRİLİB

15 fevral 2018-ci ildə Azərbaycan Memarlar İttifaqı yanında Gənc Memarlar və Tələbələr Klubunun (GMTK) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı “Yarat” müasir İncəsənət Mərkəzində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov ilə memar tələbələrin və ictimaiyyət nümayəndələrinin görüşü keçirildi.
Görüşü giriş sözü ilə açan GMTK-nın prezidenti memar Şeyda Novruzzadə toplaşanlara məlumat verərək bildirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi memarlıq abidələrinin hazırkı acınacaqlı vəziyyəti ilə bağlı Memarlar İttifaqı bir neçə tədbir keçirmiş, hətta İttifaqın bu məsələ ilə bağlı xüsusi Plenumu da olmuşdur. Mövzunun aktualllığını və mühümlüyünü bir daha vurğulayan aparıcı sözü Faiq İsmayılova verdi. Son illərdə əldə etdikləri çoxsaylı fotofaktlar əsasında yaradılmış slayd-şounun köməyi ilə toplaşanlar qarşısında geniş məruzə ilə çıxış edən Faiq İsmayılov tədbir iştirakçılarının suallarına cavab verdi.
Tədbirin sonunda çıxış edən AMİ İdarə Heyətinin sədri professor Elbay Qasımzadə gənc nəslin, xüsusən də memarlıq təhsili alan tələbələrin burada deyilənlərlə bağlı məlumatlı olmalarının mühümlüyünü önə çəkdi və dedi ki, biz bu faktları heç zaman unutmamalıyıq.
Görüş iştirakçıları bu qəbil tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğuladılar.




Baxılıb: 412 Tarix: 7-03-2018, 21:21