Ağsu rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib



Konfransda rayon təhsil şöbəsinin müdiri Səftər Əlabbasovun 2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Bildirilib ki, ötən dərs ilində rayonda 69 ümumtəhsil məktəbi, o cümlədən 35 tam orta, 16 ümumi orta, 18 ibtidai məktəb fəaliyyət göstərib. Tədris ocaqlarında 8691 nəfər şagird təhsilə cəlb edilib ki, onların təlim-tərbiyəsi ilə 1046 nəfər müəllim məşğul olub.
   Məruzə və çıxışlarda Prezident İlham Əliyevin 2013-cü il oktyabrın 24-də imzaladığı Sərəncamla təhsilin bütün fəaliyyət sahələrini əhatə edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirildiyi, dünyada “Biliklər cəmiyyəti”nin yarandığı bir vaxtda bu biliklərin sinifdə “istehsal” olunduğu, müasir təfəkkürlü gənclərin yetişməsində məktəblərin qarşısında mühüm vəzifələr qoyulduğu diqqətə çatdırılıb. Ali məktəblərə qəbulun ümumtəhsil məktəblərinin mühüm göstəricisi olduğu vurğulanıb. Qeyd olunub ki, 2010-cu ildə bu rəqəm 35 nəfər təşkil edirdisə, ötən il 106 nəfərə, bu il isə 115 nəfərə çatdırılıb. Bu sahədə Ağsu şəhər 1 saylı məktəb-liseyin, 1, 3 və 5 saylı tam orta məktəblərin, İlxıçı, Növcü, Nuran, Cəlayir, Muradlı, Ərəbuşağı kənd tam orta məktəblərin əldə etdikləri göstəricilər diqqətəlayiq olub.
   Konfransda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısı, bu sahədə Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd edilib. Bildirilib ki, 2005-2016-cı illərdə Ağsuda 4478 şagird yerlik 24 yeni məktəb binası tikilib, 11 bina əsaslı təmir edilib. Bu il şəhər 2 və 5 saylı, Ərəbuşağı kənd tam orta, Qiyaslı kənd ümumi orta məktəblərinin dam örtükləri dəyişdirilib, cari təmir işləri aparılıb. Hazırda Göydəlləkli kənd ümumi orta, Hacman kənd ibtidai məktəbləri üçün modul tipli yeni binalar quraşdırılır.
   Yeni dərs ilinə hazırlıq məqsədilə 82 adda 26032 ədəd dərsliyin məktəblərə paylanıldığı bildirilib. Xüsusi istedada malik uşaqların birinci sinfə qəbulu ilə əlaqədar 35 valideynin müraciətinə baxıldığı qeyd olunub.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Milli Məclisin deputatı Tahir Kərimli və Təhsil Nazirliyinin nümayəndəsi Bibixanım İbadova çıxış edərək dövlət təhsil siyasətindən, bu sahədə ümumtəhsil məktəblərinin qarşısında duran vəzifələrdən danışıblar.
   Beş yüzdən yuxarı bal toplayan 10 nəfərə və qızıl medal alan Muradlı kənd tam orta məktəbin məzunu Səbinə Niftəliyevaya mükafatlar verilib.
    Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Baxılıb: 28 Tarix: 14-09-2017, 20:39