AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir



Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti və Baku Steel Company MMC-nin təşkilatçılığı ilə keçirilən “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans noyabrın 28-də Azərbaycan Texniki Universitetində plenar iclasla öz işinə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə  ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Plenar iclas Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov konfransın plenar iclasını ilk çıxışı ilə  açıb və bildirib ki, konfrans AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının  50 illiyinə həsr olunub. Professor çıxışında ölkəmizdə iqtisadiyyatın və sənayenin  inkişafında metallurgiyanın rolundan danışıb və  konfransın mövzusunun çox aktual olduğunu vurğulayıb. Eyni zamanda Xalıq Yahudov AzTU-da bu sahə üzrə həyata keçirilən tədbirlərdən danışıb.
Konfransda iştirak edən Təhsil Nazirliyinin sektor müdiri, professor Sülhəddin Gözəlov çıxışında  ölkəmizdə metallurgiya ilə bağlı həyata keçirilən dövlət siyasətindən və inkişaf perspektivlərindən söz açıb. S.Gözəlov Azərbaycanın dövlət başçısı tərəfindən bu sahə üzrə həyata keçirilən işlərə, xüsusi ilə iqtisadiyyat və sənaye  üzrə Strateji Yol Xəritəsində texniki ali təhsilin inkişaf etdirilməsi istiqamətində görülən işlərdə  konfransın böyük rolu olacağını bildirib.
AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri, professor Sübhan Namazov konfransın  keçirilməsində məqsədin metallurgiya və materialşünaslığın aktual problemlərini müzakirə etmək, beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirmək, Azərbaycanda metallurgiya və maşınqayırma komplekslərinin inkişafına dair elmi əsaslandırılmış nəticə, təklif, tövsiyələri irəli sürmək olduğunu bildirib.
Daha sonra Baku Steel Company MMC-nin istehsalat üzrə direktoru Ramin Kərimov metallurgiyanın inkişafı ilə bağlı layihələrdən söz açıb və həmin layihəni əks etdirən videoçarx nümayiş olunub.
Plenar iclasda  Rusiyadan, Ukraynadan, Türkiyədən, Almaniyadan, Yaponiyadan, Rumıniyadan və s. ölkələrdən olan alimlər, metallurgiya və materialşünaslığın problemləri ilə məşğul olan yerli və xarici elmi-tədqiqat institutları və ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri iştirak edib.
Konfrans 5 bölmə üzrə - “Metallurgiyada mütərəqqi texnologiyalar”, “Materialşünaslıq, nano və kompozisiya materialları”, “Materiallar texnologiyası”, “Maşınqayırmada innovativ texnologiyalar”, “Metallurgiyada menecment və ekologiya bölmələri ilə 3 gün davam edəcək.






Baxılıb: 964 Tarix: 28-11-2017, 11:57