AzTU-da Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Çingiz Qurbanovun doğum günü qeyd olunub


Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Texniki Universitetinin məzunu Şəhid Çingiz Qurbanovun doğum günü noyabrın 24-də universitetin Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində qeyd olunub.
  Anım mərasimində AzTU-nun rəhbərliyi, Şəhid valideynləri və tələbələr iştirak edib. Çıxışlarda Çingiz Qurbanovun tələbəlik illəri xatırlanıb və onun hərbi xidmətdə olarkən göstərdiyi qəhrəmanlıqları danışılıb.
 Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində  anadan olub. 2012-ci ildə orta məktəbi bitirən Çingiz Qurbanov elə həmin il AzTU-nun “Xüsusi texnika və texnologiya” fakültəsinə daxil olub. Daha sonra, 2016-cı ildə məzun olan Çingiz Qurbanov 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.
 Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan  Çingiz Qurbanov  2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşərək şəhid olub.  Şəhidin nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan ermənilər 2017-ci il fevralın 5-də Çingizin nəşini Azərbaycan tərəfinə təhvil verib. 2017-ci ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin  1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Allah rəhmət eləsin!

Baxılıb: 1 105 Tarix: 24-11-2017, 11:11